რედაქტორისგან
Arno Xidirbeqişvili: "Bu gün referendum keçirilsə, gürcü xalqının böyük əksəriyyəti Qərbi deyil, Rusiyanı seçər" - Bizim Yol

1-arno-pol1-redსაქართველო, 21 ივლისი, საქინფორმი. Siyasi idarəçilik sistemləri, xarici siyasi prioritetləri fərqli olsa da, həm Azərbaycan, həm də Gürcüstan regional təhlükəsizlik və inkişaf məsələlərində strateji əməkdaşlıq etməkdə davam edirlər. Dövlətlərarası münasibətlərdə Azərbaycanla Gürcüstanın heç bir problemləri yoxdur desək, yanlış söyləmiş olarıq. Tarixi baxımdan yaranmış müəyyən fikir ayrılıqları bu gün bu iki dövlət arasında sərhədlərin tam demarkasiya edilməməsi ilə nəticələnib. Amma ümumiyyətlə götürəndə, hər iki dövlətin münasibətləri qarşılıqlı hörmət əsasında reallaşıb.
Təbii ki, müstəqillik dövründə bu iki dövlətin münasibətlərinin möhkəmlənməsinin əsas səbəblərindən biri məhz  ölkələri birləşdirən neft və qaz kəmərləri oldu. Nəqliyyat kommunikasiyaları, birgə layihələr Azərbaycan-Gürcüstan münasibətlərini həm regional, həm də geosiyasi baxımdan əhəmiyyətli etməyə başladı.

2003-cü ildən sonra hakimiyyətə gələn qərbpərəst Mixail Saakaşvili ilə Azərbaycan hökumətinin münasibətləri yeni mərhələyə qədəm qoydu. Qərbpərəst Saakaşvili və Qərblə Rusiya arasında balans siyasəti aparmağa üstünlük verən İlham Əliyev razılığa gələ bildilər. Ekspertlər bildirir ki, o zaman hər iki lider siyasi baxışları arxa plana ataraq, qafqazsayağı "sən mənə, mən sənə" razılaşmasını önə çəkə bildilər.
Amma 2012-ci ildə hakimiyyətə rusiyapərəst "Gürcü arzusu" koalisiyası gəldi ki, bu da bir müddət tərəflər arasında diskomfort münasibətlərə gətirdi. "Gürcü arzusu"nun rusiyapərəst lideri Bidzina İvanişvili Bakı-Tbilisi-Kars və Gürcüstan ərazisindəki enerji paylayıcı qovşaqlar məsələsinə yenidən baxılacağına işarə vurdu. Bu addım, necə deyərlər, düşmən sevindirməkdən başqa bir şeyə yaramasa da, İvanişvilinin Bakı səfəri zamanı öz həllini birdəfəlik tapdı. Problemlərin həllini sübut edən əsas addım isə iqtisadi göstəricilərdir. 2013-cü ilin yekunlarına görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 7,14% artaraq, 1,35 mlrd.dollara çatıb. Amma münasibətlərin bu səviyyəsi də, ekspertlərin fikrincə, mümkün olanların hamısı deyil. Ayrıca, İvanişvili misalı göstərdi ki, Gürcüstan hakimiyyətindəki dəyişikliklər həssas enerji siyasətinin dəyişməz olduğu anlamına gəlmir.
Beləliklə, "Bizim Yol" əməkdaşı Azərbaycan-Gürcüstan münasibətlərinin bu günü və perspektivləri mövzusunu "Qruzinform" İnformasiya-Analitik Agentliyinin baş redaktoru, gürcü politoloqu Arno Xidirbeqişvili ilə müzakirə edir.
Cənab Xidirbeqişvili, hamıya elə gəlirdi ki, Saakaşvilinin hakimiyyətdən getməsindən sonra rəsmi Tbilisinin siyasi kursu Rusiyaya tərəf dəyişiləcək. Amma son addımlar göstərdi ki, Gürcüstan Avropaya inteqrasiya siyasətini davam etdirir. Avropaya inteqrasiyaya qol çəkən "Gürcü arzusu", az müddət bundan əvvəl elə qərbpərəst Saakaşvilini yıxmışdı. Gürcü cəmiyyəti bütün bu təzadları necə qəbul edir?
- Haqlısınız. Əvvəlcə siyasətə, sonra isə hakimiyyətə bütün ömrünü Rusiyada yaşamış, orada öz milyardlarını qazanmış oliqarx İvanişvili gəldi. Birinci mətbuat konfransında Saakaşvilini Rusiyaya qarşı müharibədə günahkar bildi, həbsxanalardan siyasi dustaqları buraxdı, Rusiya ilə ticarət-humanitar körpüləri bərpa etdi, antirusiya ritorikasından və Saakaşvilinin əsasını qoyduğu revanşist planlardan əl çəkdi. O zaman nəinki dünyada, hətta Gürcüstanda da insanlar sizin kimi düşünməyə başlamışdılar.

 

Əslində o zaman gürcü cəmiyyəti İvanişviliyə iki səbəbə görə səs verdi: Onlar gəlib Saakaşvilini və partiyasını devirsinlər, ikincisi isə, İvanişvili Saakaşvili siyasətini əməlli-başlı korreksiya edərək, Rusiya ilə əməkdaşlığı bərpa etsin.
Amma mən, bir politoloq kimi xam xəyallar qurmurdum. Mən görürdüm ki, İvanişvilinin Gürcüstandakı ətrafı - "Gürcü arzusu" 90 faiz məhz amerikapərəst insanlardan formalaşmışdı. Mən "Gürcü arzusu"nun mitinqlərində dəfələrlə NATO və Avropa Birliyinin bayraqlarını görmüşdüm, İvanişvili və digər liderlərin çıxışlarına qulaq asırdım. Onlar Gürcüstanın avroatlantik kursa alternativinin olmadığını bildirirdilər.
O ki qaldı Gürcüstan cəmiyyətinə, cəmiyyət yenə də öz fikrində qalıb: Əgər indi referendum keçirilsə, xalqın əksəriyyəti Gürcüstanın NATO və Avropa Birliyi ilə əməkdaşlığının əleyhinə, Rusiya ilə isə dostluğa səs verər. Odur ki, çətin ki, belə bir referendum keçirərlər.
Rusiya Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstanın siyasi rəhbərliyindən aralanıb və onlar istənilən qərarı özləri qəbul edirlər. Ölkədə olan sırf rusiyameylli və ya Rusiya ilə dostluğa üstünlük verən təşkilatlar isə o qədər zəifdirlər ki, şimal istiqaməti üçün bundan böyük antireklam ola bilməz. Bəli, hələ ki, siyasi keçmişi qaralanmayan professional, patriotik qüvvələr var, amma onların birləşməsi prosesi ləngiyir. Xalqın Rusiya ilə dostluq istəyən kəsimi isə başsız qalıb.

- Saakaşvili getdi, əvəzinə Marqvelaşvili gəldi, amma Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllində bir dəyişiklik müşahidə edilmədi...
- Azərbaycanlıların həm Saakaşvili, həm də Marqvelaşvili dövründəki problemlərini iki hissəyə bölmək olar. Birinci hissəyə bütün Gürcüstan üçün xarakterik olan total işsizlik, yüksək qiymətlər, sosial təminatlar və s. aid etmək olar.

İkinci hissəyə isə Gürcüstanda yaşayan etnik azlıqlar üçün xarakterik olan problemlər daxildir;milli dilin saxlanılması, din azadlığı (azərbaycanlılar üçün dini ayinlərin yerinə yetirilməsi və yeni məscidlərin tikilməsi), azərbaycanlıların yaşadığı Kvemo Kartli bölgəsində olan torpaq problemləri və s.

- Bu problemlərə öz "töhfəsini"  sərhədlərin bu zamana qədər tam müəyyənləşməməsi də verir. Söhbət Zaqatala problemi və David Qaredji (Keşik dağı) monastrından gedir.  Bu problemlərin  həlli zamanı Gürcüstan Prezidentinin kimliyi heç bir rol oynamır. Nə Saakaşvili, nə də Marqvelaşvili şovinist millətçilər deyillər.
- Amma onların millətçi olub-olmaması azərbaycanlıların problemlərini həll etmir...

- Nə o zaman Saakaşvili, nə də Konstitusiya dəyişikliyindən sonra səlahiyyət sahibi olan İrakli Qaribaşvili bu problemləri həll edə bilməz. Çünki bu problemlərin həlli üçün məsələnin mahiyyəti ilə məşğul olmaq lazımdır. Əgər ani siyasi dividendlər uğrunda müəyyən addımlar atır, çağırışlar edirsənsə, kadr məsələsində milli faktor nəzərə alınmırsa, onda həm azərbaycanlıların, həm də ermənilərin kompakt yaşadığı ərazilərdə bu narazılıqlardan istifadə etmək istəyində bulunan kifayət qədər destruktiv qüvvələr tapılacaq.

Həm azərbaycanlı, həm də erməni elitası içərisində kifayət qədər tanınmış insanlar var. Həm də elə insanlar var ki, parlamentdəki bir mandata, hökumətdə bir posta və ya qurduğu biznesin mühafizəsinə görə, öz elektoratının maraqlarını qurban verməyə hazırdır. Belə olan situasiyada, son yerli özünüidarəetmə orqanlarına seçki zamanı baş verən biabırçılıqların təkrarlanmayacağına kim qarantiya verə bilər? Qarantiyanı etnik azlıqların kompakt yaşadığı bölgələrdə yaranan problemlərin həllindən yayınan prezidentlər və baş nazirlər verməyəcək.

- Bəs nədən ibarətdir bu qarantiya və onu kim verə bilər?
- Qarantiyanı ancaq xalq verə bilər. Qarantiyanı Gürcüstanın bərabərhüquqlu vətəndaşları olan, özlərinin diskreditasiya olunmuş liderlərinə inanmaqdansa, Gürcüstan cəmiyyətinə sıx inteqrasiya olunan azərbaycanlılar verə bilər. Nə qədər ki, Gürcüstan azərbaycanlılarında bir-iki şəxsə bağlı kütlə instinkti sona çatmayacaq, nə qədər ki, azərbaycanlılar "belə məsləhət olunduğu" üçün deyil, özləri seçdikləri insanlara səs verməyəcəklər və bu səslərinin regional liderlər tərəfindən "yeyilməsinə" razı olacaqlar, bu millət seçkidən-seçkiyə öz siyasi hüquqsuzluğunun "bəhrəsini" görəcək.

Əlbəttə, elə ola bilər ki, yerli özünü idarəetmə orqanlarında təmsil edilməyən, parlamentdə isə çox az səsə malik olan azərbaycanlıların hüquqlarını regionu yaxşı bilən, problemlərdən hali olan, siyasi cəhətdən daha güclü olan bir gürcü qorusun. Amma nədənsə, mən belə halın da şahidi deyiləm. Odur ki, hər şey azərbaycanlıların özlərindən asılıdır.
İsmayıl MƏMMƏDLİ